...

Novruz bayramı xalqımızın mənəvi dünyasının təcəssümüdür

Cəmiyyət Materials 20 Mart 2025 16:07 (UTC +04:00)
Novruz bayramı xalqımızın mənəvi dünyasının təcəssümüdür

Bakı. Trend:

Azərbaycan xalqının minilliklərə söykənən milli-mənəvi dəyərləri hər birimizin böyük qürur mənbəyidir. Çünki bizi dünyaya tanıtdıran, təqdim edən əsas amillərdən biri də məhz bağlı olduğumuz dəyərlərimiz, mənəvi dünya görüşümüzdən xəbər verən adət-ənənələrimiz və bayramlarımızdır. Böyük coşqu ilə qarşılayaraq qeyd etdiyimiz Novruz bayramı da ən gözəl mənəvi dəyərlərimizdən biridir.

Novruz yeni həyat mənasını daşımaqla baharın gəlişini özündə əks etdirən bayramdır. Tarixən xalqımız təbiətin canlanmasını yazın başlanması ilə bağlamışdır. Məhz bu fəsildə torpaq qış yuxusundan oyanır, ağaclar çiçək açır, havalar isinir, gecə ilə gündüz bərabərləşir. Beləliklə, yeni həyat başlayır və bütün bunları xalqımız Novruz bayramı kimi qeyd edir, bu münasibətlə mənəvi dünya görüşündən irəli gələn şənliklər keçirir. Əcdadlarımızın, ata-babalarımızın əsrlərdən əsrlərə ötürərək yaşatdığı Novruzda bütün evlərdə bayram süfrələri açılır, qohumlar, dostlar bir-birinin evinə qonaq gedir, küsülülər barışır, vəfat edənlərin qəbirləri ziyarət olunur. Novruz günlərində tonqal qalamaq, papaq atmaq, yumurta döyüşdürmək, qapı pusmaq bu bayramın gözəl adətlərindəndir. Eyni zamanda Novruz günlərində bütün evlərdə bolluq rəmzi olan səməni yetişdirilir, bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava bişirilir. Bu bayramın ən yaddaqalan məqamlarından biri isə el şənliklərinin keçirilməsi, kəndirbazların, pəhləvanların öz güclərini göstərmələri, kosa və keçəlin sərgüşətlərindən ibarət komik tamaşaların nümayiş etdirilməsidir.

Bütün bu ənənənələr və bayram mərasimləri paklığı, mühüm insani dəyərləri, Azərbaycan xalqının tarixini, yüksək mənəvi irsini, zəngin folklorunu və milli fəlsəfəsini özündə ehtiva edir. Ona görə xalqımız hər zaman Novruz bayramını əziz tutub. Martın 18-də bayram münasibətilə xalqımızı təbrik edən cənab Prezident İlham Əliyev Novruz bayramının milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını bildirərək deyib:

«Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir».

Novruz bayramı bir sıra Şərq ölkələrində, o cümlədən türk dövlətlərində də qeyd olunur. Amma Novruz ən gözəl şəkildə və ən yüksək səviyyədə, əsl bayram əhval-ruhiyyəti ilə məhz Azərbaycanda keçirilir. Təsadüfi deyil ki, bayram günlərində respublikamıza gələn xarici turistlərin də sayı artır.

Bir məsələni də qeyd etməliyik ki, sovet hakimiyyəti illərində Azərbaycanda digər milli-mənəvi dəyərlərimizlə yanaşı Novruz bayramı da repressiv qərarlara məruz qalmışdı. Bu bayramın keçirilməsi qadağan olunmuşdu. Lakin sərt sovet ideologiyası Novruzu, onun gözəl adətlərini xalqımızın milli şüurundan silə bilmədi. Azərbaycan xalqı 70 il ərzində Novruz ənənələrini, el şənliklərini hafizəsində yaşatdı, qorudu və gələcəyə ötürdü. Xüsusilə, məhz Ulu Öndər Heydər Əliyevin sovet illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda geniş vüsət alan milli-mənəvi hərəkatın əsas göstəricilərindən biri Novruz bayramının daha kütləvi və təmtəraqlı qeyd olunması idi. Bu da ondan irəli gəlirdi ki, Ulu Öndər Heydər Əliyev bir azərbaycanlı kimi öz xalqının adətlərinə və milli ənənələrinə son dərəcə bağlı idi.

Təbiətin oyanışının, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı həm də UNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Belə ki, 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və böyük səyi nəticəsində mümkün olub.

BMT tərəfindən isə 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunub. Bununla bağlı qətnamə BMT Baş Assambleyasının 23 fevral 2010-cu il tarixində keçirilmiş 64-cü sessiyasında qəbul olunub.

Məlum olduğu kimi bir neçə il əvvələ qədər Novruz bayramında əsas arzu və diləyimiz torpaqlarımızın işğaldan azad edilməsi, növbəti belə bayramın Qarabağda keçirilməsi ilə bağlı olurdu. Xalqımız isə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. Bu əminliyi daha da gücləndirən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu güclü dövlətçilik siyasəti, Prezident İlham Əliyevin Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəltməsi idi. Vaxtilə Ulu Öndər Heydər Əliyev Novruz bayramı münasibətilə Mərdəkandakı "Abşeron" sanatoriyasında məcburi köçkünlərlə görüşündə demişdi:

«Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır».

Artıq 5 ildir ki, Ümummilli Lider Heydər Əliyevin bu arzusu çin olub. Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyev cənablarının Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımız işğaldan azad edilib, respublikamızın ərazi bütövlüyü təmin edilib. Artıq beşinci ildir ki, Novruz bayramının sevinci 30 ilə yaxın bu bayrama həsrət qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarında yaşanır.

Möhtərəm Prezident İlham Əliyevin hər il Novruzda işğaldan azad edilən ərazilərə səfər etməsi, burada alovlandırdığı bayram tonqalları hər birimizi dərindən qürurlandırır, xalqımıza fərəh hissi yaşadır. Müzəffər Ali Baş Komandanın 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndidə, 2025-ci ildə isə Ağdərə rayonunun Həsənriz kəndində alovlandırdığı bayram tonqalları həm də Zəfərimizi bütün dünya bəyan edir. Bu tonqallar və cənab İlham Əliyevin doğma yurdlarına geri qayıtmış keçmiş məcburi köçkünlərlə işğaldan azad edilən ərazilərdə keçirdiyi bayram görüşləri isə Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi fikirlərin həyata vəsiqə almasının göstəriciləridir.

Eyni zamanda cənab Prezident İlham Əliyevin xalqımıza bayram təbrikləri də artıq beşinci ildir ki, özündə həm də Zəfərimizi, torpaqlarımızın azadlığını tərənnüm edir.

Torpaqlarımızın işğaldan azad edilməsindən və bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasından sonra xalqımız Novruz bayramını tamamilə başqa əhval-ruhiyədə, qürurla və Zəfər coşqusu ilə qarşılayır. Başqa cür desək, xalqımız öz mənəvi dünyasının təcəssümü olan Novruzu indi könül dolusu ilə qeyd edir. Bayramımız mübarək olsun!

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti