Bakı. Trend:
Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiq edilməməsi barədə normalar müəyyənləşir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, qanun layihəsində aşağıdakı cəzaların ləğv edilməsi təklif olunur:
- gizirlərə və miçmanlara hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs
- Alay (briqada) komandirinin əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək
- Diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü komandanının hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək
- Zabitlərə hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə
- Alay (briqada), qoşun birləşmələri komandirləri, birləşmə komandirlərinin müavinləri və qərargah rəisləri, polkovnik və 1-ci dərəcəli kapitan rütbələrində baş zabitlər, həmçinin zabit vəzifələrində olan qadın hərbi qulluqçuların hauptvaxtda saxlanmaqla həbs edilməsi
- Alay (briqada) komandirinin kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək
- Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək
- Korpus komandirinin, qoşun növü komandanının kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək
- Silahlı qüvvələr növü komandanının hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək
- Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs.
- tabor (3-cü dərəcəli gəmi) komandirinin gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etməsi
- əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirlərinin, tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahiyyətinə malik olan əlahiddə hissə komandirlərinin (rəislərinin) bunlardan əlavə, gizir və miçmanları 5 sutkayadək hauptvaxtda saxlanmaqla həbs etməsi
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.