Bakı.Trend:
Xəbər verdiyimiz kimi, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
Baş Prokurorludan Trend-ə verilən məlumata görə, konfransdan sonra Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb.
Bildirilib ki, sənədi Baş prokurorunun müavini Heydər Məmmədov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.
Qeyd edilib ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi
əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə
yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış
bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində
funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.
Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək ECOLEAD layihəsi, Azərbaycanın təhsil və hüquq sahəsindəki inkişafını dəstəkləyən, elmi araşdırmalar və bilik mübadiləsini təşviq edən mühüm bir addım olaraq qiymətləndirilir.
Universitetin bu layihəyə qoşulması Azərbaycanın ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübə ilə birgə fəaliyyətlərini genişləndirməsinə imkan verəcək.
Xatırladaq ki, indiyə kimi bu layihəyə Qarabağ Universiteti ilə yanaşı, Bakı Dövlət və Naxçıvan Dövlət universitetləri qoşulub.