Bakı. Trend:
ABŞ-də yaşayan soydaşımız Kənan Məmmədovun bu ölkənin CFA (Chartered Financial Analysts) İnstitutunun təsis etdiyi “Enterprising Investor” saytında məqaləsi dərc olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Tariflər və geosiyasət 2025-ci ilin qlobal iqtisadi gözləntilərini necə formalaşdırır?” adlı məqalədə müəllif cari ildə qlobal iqtisadiyyata təsir edən əsas faktorlar kimi geosiyasi risklər və ticarət tariflərini önə çıxararaq, müasir iqtisadiyyatın mürəkkəbliyinə və qeyri-müəyyənliyinə diqqət çəkib. Mövcud iqtisadi vəziyyətin ticarət əlaqələrində ciddi dəyişikliklərə səbəb ola biləcəyini qeyd edib. Müəllif 2025-ci ildə bu risklərin düzgün şərh edilməsi və onlara uyğun strateji qərarların verilməsinin analitiklər və investorlar üçün əsas hədəf olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-nin Corc Vaşinqton Universitetində təhsil alan Kənan Məmmədov universitetin nəzdində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatının həmtəsisçisidir. 2023-cü ildə Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı, Amerika Azərbaycan Gənclər Forumunun təşkilatçılarından biridir. Soydaşımızın maliyyə sahəsindəki araşdırmaları müxtəlif tədqiqat platformalarında yayımlanır.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://blogs.cfainstitute.org/investor/2025/04/14/how-tariffs-and-geopolitics-are-shaping-the-2025-global-economic-outlook/