Bakı. Trend:
Beynəlxalq Əmək Təşkilatı olaraq təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün səylərinizdə Azərbaycanı bundan sonra da dəstəkləməyə hazırıq.
Trend xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransı zamanı videomüraciətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbo deyib.
O, bildirib ki, fəaliyyətlərinin əsas istiqamətlərindən olan təhlükəsiz və sağlam iş mühiti işçilərin təməl hüquqlarındandır:
"Buna baxmayaraq, dünyada milyonlarla işçi hələ də işləri ilə əlaqədar həyatını itirir, xəsarət alır və ya xəstələnir. Texnologiya qeyd olunanları dəyişmək üçün açar rolunu oynaya bilər. Məhz buna görə də "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" adlı konfransın mövzusu məqamında olmaqla xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqi və məhsuldarlığın yüksəldilməsi baxımından geniş imkanlar təklif edir. Lakin bu texnologiyalar eyni zamanda ciddi narahatlıqlar da doğurur və hər birimizə məlumdur. Diqqətli və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları, şəxsi azadlığı və rifahı təhlükə altına ala bilər. Bunun qarşısını almaq və süni intellektin iş dünyasında faydalı məqsədlərlə istifadə olunmasını təmin etmək üçün insan mərkəzli yanaşma zəruridir".