Bakı. Trend:
Dövlətlər inkişaf edir, konstitusiyalar dəyişir və yeni konstitusiyalar qəbul edilir. Azərbaycanda Konstitusiyaya 2 dəfə əsaslı dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycana xaricdən gələn çağırışlara müvafiq cavab vermək imkanı verib.
Trend xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün Bakıda “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Ən əsas problemimizi - Qarabağ məsələsini həll etdik. Prezident İlham Əliyevin apardığı xarici siyasət, ordu quruculuğu sayəsində biz buna nail ola bildik. Bizim birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsinin işğal edilməsinə əsas səbəb 3-cü dövlətin Ermənistana yardımı olub. Bu məsələ ilə bağlı müvafiq işlər aparıldı və bu faktor aradan qaldırıldı. İkincisi isə daxili sabitlik idi. 1992 və 1994-cü illər arasında 3 dəfə hakimiyyət dəyişdi. Belə bir şəraitdə biz həmin torpaqları itirdik. 1995-ci ildə konstitusiyamızın qəbulu, Azərbaycanda davamlı olaraq hakimiyyətin möhkəmlənməsi vacib faktordur və biz indi də bunu davam etdirməliyik", - o bildirib.
Onun sözlərinə görə, hazırda dünyada müəyyən geosiyasi hadisələr baş verir.
"Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr, yeni ABŞ administrasiyasının hakimiyyətə gəlməsi. Bunların hamısı qlobal çağırışlardır. Sözügedən üç çağırış bu və ya digər formada Azərbaycana təsir göstərəcək. Bu çağırışların qarşısında Azərbaycanın daxili sabitliyinin möhkəmlənməsi, iqtisadi potensialının artırılması, Konstitusiya və qanunvericilik aktları vacib rol oynayır", - o bildirib.
