...

Yeni media mühitininin formalaşmasında ciddi risklər də meydana çıxa bilər - Səbinə Əliyeva

Cəmiyyət Materials 2 May 2025 10:50 (UTC +04:00)
Yeni media mühitininin formalaşmasında ciddi risklər də meydana çıxa bilər - Səbinə Əliyeva
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır.

Trend xəbər verir ki, bunu İnsan Hüququları üzrə Müvəkkil Səbinə Əliyeva Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu transformasiya fonunda bəzi ciddi risklər də meydana çıxa bilər:

“Onlar sırasında dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı risklər xüsusi ilə qeyd olunmalıdır. Bu səbəbdən media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır”.

Səbinə Əliyevanın sözlərinə görə, Ombudsmanın fəaliyyətində beynəlxalq və yerli media ilə əməkdaşlığın daha sıx və səmərəli təşkilinə xüsusi diqqət yetirilir.

“Bu əməkdaşlıq Müvəkkilin fəaliyyətinin beynəlxalq və yerli mediada işıqlandırılması, mətbuatda ictimailəşdirilən problemlərin, media subyektlərinin özlərindən daxil olan müraciətlərin, habelə mediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insan hüquq pozuntuları hallarının araşdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində davam etdirilir.

Daxil olan şikayətlər, habelə mediada, sosial şəbəkə resurslarında yayımlanan və şəxslərin, xüsusi ilə də əhalinin həssas qruplarının hüquqlarını pozan, şəxsi və ailə həyatına, şərəf və ləyaqətə toxunan müxtəlif məzmunlu məlumatlarla bağlı tərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.

Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Belə ki, Ombudsmanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququnun təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularının cavablandırılması barədə müraciətləri də araşdırılaraq zəruri tədbirlər görülür.

Bundan əlavə, Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyalarının qanunvericiliklə təsbit olunması bu sahədə birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır.

Müasir dövrdə media və sosial şəbəkə platformaları beynəlxalq və yerli ictimaiyyətin zamanında və dolğun məlumatlandırılması, ictimai rəyin formalaşdırılması nöqteyi-nəzərindən münaqişələrin gedişatında da həlledici vasitəyə çevrilmişdir.

Belə ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərin, habelə bu faktlarla bağlı post-müharibə dövründə həyata keçirdiyimiz fakt-araşdırıcı missiyaların mətbuatda işıqlandırılması, müvafiq hesabatların yayımlanması və beynəlxalq ictimaiyyətə çağırışların edilməsi baxımından media subyektləri ilə əməkdaşlığımız öz müsbət nəticələrini vermişdir.

Hesab edirəm ki, media subyektləri üçün insan hüquqları üzrə tematik təlimlərin təşkil olunması, rəqəmsal platformalar üzərindən peşə etikası və hüquqi tənzimləmələr barədə ictimai məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, eləcə də media savadlılığının artırılması üzrə birgə tədbirlərin gücləndirilməsi media sahəsində fəaliyyətin effektivliyinin daha da artırılmasına, media və cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsinə öz müsbət töhfəsini verə bilər”, - deyə Ombudsman qeyd edib.

Xəbər lenti

Xəbər lenti