Bakı. Trend:
Qadınların iqtisadiyyatda, siyasətdə və sosial həyatda iştirakı güclənməlidir.
Trend xəbər verir ki, bunu Türkiyənin ailə məsələləri və sosial xidmətlər üzrə naziri Mahinur Özdemir Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında deyib.
“Qadınlar ailənin və cəmiyyətin təməlidir, ənənələrin qoruyucusudur və nəsillər arasında bağlayıcı halqadır. Lakin onların iqtisadiyyatda, siyasətdə və sosial həyatda iştirakı gücləndirilməlidir — bu həyati əhəmiyyət daşıyır.
Qadınların iqtisadi fəaliyyətə daha çox qoşulması birbaşa olaraq artımın və inkişafın sürətlənməsinə, ictimai rifahın möhkəmlənməsinə və gəlir bölgüsünün yaxşılaşmasına töhfə verir. Bu kontekstdə biz qadınların əmək bazarında üzləşdiyi maneələrin aradan qaldırılmasına yönəlmiş mühüm qanunvericilik tədbirləri həyata keçirmişik”, — deyə o qeyd edib.
Göktaş vurğulayıb ki, qadın liderliyi ekoloji dayanıqlılıq məsələlərində ümidverici perspektivlər açır. İqlim böhranı ilə mübarizədə yerli, milli və beynəlxalq səviyyədə uğurlu təşəbbüslərin arxasında qadın liderlər dayanır.