...

Növbəti köç karvanı Cəbrayıla çatıb, daha 50 ailəyə açarlar təqdim olunub (FOTO)

Cəmiyyət Materials 25 İyul 2025 15:20 (UTC +04:00)
Növbəti köç karvanı Cəbrayıla çatıb, daha 50 ailəyə açarlar təqdim olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Trend xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 50 ailə olmaqla, 199 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc gözyaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb. Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən - yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti