...

Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Cəmiyyət Materials 7 Avqust 2025 14:49 (UTC +04:00)
Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində tarixi irsin qorunması ilə yanaşı, mənzil fondunun və infrastrukturun yenilənməsi, ictimai məkanların və yaşıllıq sahələrinin artırılması, ekoloji dayanıqlılığın təmin edilməsi Bakı şəhərinin Baş planında əsas inkişaf hədəfləri kimi müəyyən edilib.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu “Sovetski” adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, elə bu məqsədlə Mərkəzi Parkın genişləndirilməsi layihəsinə başlanılır:

"Buna qədər parkın 36 hektar ərazisi istifadəyə verilib və yeni layihələndiriləcək sahə "Nizami" metrostansiyası ətrafında yerləşən 21 hektara yaxın ərazini əhatə edəcək. Burada iqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla geniş yaşıllaşdırma işlərinin aparılması, həmçinin süni gölün yaradılması nəzərdə tutulur. Nəticədə şəhər mərkəzində sakinlərin rahat istirahəti üçün ekoloji təmiz və münasib ictimai məkanlar yaradılacaq".

Komitə rəsmisi əlavə edib ki, funksional olaraq parkın bu hissəsində də idman, mədəni tədbir zonaları və uşaq oyun meydançaları, eləcə qapalı avtodayanacaq təşkil ediləcək.

"Ərazinin köhnəlmiş və sıradan çıxmış infrastrukturu yenilənməklə yanaşı, tarixi tikililərin də bərpası və parka inteqrasiyası nəzərdə tutulur.

Təzəpir məscidi ətrafında Bakının Baş planında məhz ictimai zona olaraq qeyd edilən ərazidə yerləşən tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun olaraq abadlaşdırılacaq və yenidən qurulacaq.

Bu ərazidə hər kəs üçün maraqlı olan dövlətin xüsusi mühafizəsində saxlanılan tarixi abidələr və abidə olmayan, lakin tarixi yükə malik binaların da saxlanılması, bərpası və tarixi məhəllənin konsepsiyasına uyğunlaşdırılması nəzərdə tutulur.

Məqsədimiz Bakını Baş plana, eləcə də müasir şəhərsalma standartlarına uyğun olaraq daha da yaşıl, mobil və insanyönümlü bir şəhərə çevirməkdir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti