Bakı. Trend:
Səhiyyə Nazirliyi və nazirliyin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 24-də görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
Trend xəbər verir ki, beynəlxalq konfransda Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.
Tədbiri açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev elmi-praktik konfransın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, görkəmli alimin elmi dühası geniş spektrli, çoxsahəlidir: “Akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.
Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib: "Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyərdir".
Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsici kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib: “Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.
Teymur Musayev akademik Mustafa Topçubaşovun irsinin bu gün də aktuallığının qoruduğunu bildirib. "Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir", - deyə səhiyyə naziri fikrini tamamlayıb.
Öz çıxışında AMEA-nın prezidenti İsa Həbibbəyli vurğulayıb ki,
Mustafa Topçubaşovun yaratdığı elmi məktəb onun yetirmələrinin
cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabətdə
mühüm yeniliklərə imza atmaları ilə fərqlənir. Mustafa Topçubaşovun
Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri
olduğunu vurğulayan İsa Həbibbəyli, həmçinin görkəmli alimlə bağlı
xatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərək
onların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.
Öz çıxışında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin
direktoru Rauf Ağayev görkəmli alimin elmi-pedaqoji və kadr
hazırlığında, həmçinin ictimai-siyasi fəaliyyətində tarixi
xidmətləri barədə məlumat verib: “Həm bir həkim, həm də bir alim
kimi Mustafa Topçubaşovun irsi Azərbaycan səhiyyəsinin və xüsusən
də cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıb”.
Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri
Yasemin Balaban çıxış edərək, akademik Mustafa Topçubaşovun
cərrahiyyədə, tibdə, elmdə və kadr hazırlığındakı tarixi
xidmətlərindən danışıb.
Alimin oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun
Topçubaşov çıxış edərək, atasının xatirəsinə göstərilən ehtirama
görə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib.
Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli film
nümayiş olunub.
Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davam
etdirib. Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış
alimlərinin “Birincili sklerozan xolangit və birincili biliyar
xolangit: nə yenilik var?”, “Laparsokipik cərrahiyyə və stepler
texnologiyası fəsadları”, “Süd vəzi adenokarsinomasında amfisesinin
sitotoksik və antiproliferativ təsiri”, “Kəskin nəfəs yolları
pozulması sindromunun diaqnostikası, profilaktika və müalicə
prinsipləri”, “Kolorektal anastomozlarda tutmazlığın
profilaktikası” adlı məruzələri dinlənilib.