...

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir

Cəmiyyət Materials 28 Noyabr 2025 10:03 (UTC +04:00)
Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilk dəfə Gələcəyin Peşələri Sammiti fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, tədbir Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları da olmaqla, ümumilikdə 250 nəfər iştirak edir.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.

Onun sözlərinə görə, 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edir.

"Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1.9 milyona çatıb, sosial rifahın ən bariz göstəricilərindən biri olan əməkhaqqı fondu isə 3,2 dəfə artıb.

Eyni zamanda minimum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1088 manata çatıb. Bununla yanaşı, sosial ödənişlər sahəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib.

Əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində 5 dəfə artıb.

Həmçinin, məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı ərzində Nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib. Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, sammit çərçivəsindəki müzakirələr Azərbaycan cəmiyyətinin gələcəyin peşələrini aydın dərk etməsinə şərait yaradacaq:

"Gələcəkdə indi müşahidə etdiyimiz rəqabətdə yeni iqtisadi güc mərkəzlərinin yaranmasına şahid olacağıq və Azərbaycan cəmiyyəti də bu dəyişikliklərə hazır olmalıdır. Peşələr cəmiyyətin, dəyişikliklərin, inkişafın indikatorudur. Müasir dövrün aparıcı meyli yeni texnologiyaların əmələ gəlməsidir. Baş verən texnoloji dəyişiklik mahiyyətcə əməyi dəyişir. Əməyin dəyişməsi isə cəmiyyətin dəyişməsinə, cəmiyyətin bunlardan faydalanma şansının dəyişməsinə səbəb olur. Yeni peşələrlə bağlı ciddi çağırışlar var. Müasir dövrün ən mühüm çağırışlarından biri texnologiyalardan istifadə və peşələrin əmək bazarına uyğunlaşdırılmasıdır. Məşğulluğun və sosial rifahın təmini də əsas çağırışlardandır. Bu prosesdə ən mühümü təhsildir. Gənclərin bu peşələrə yiyələnib, gələcəkdə mühüm yer tuta bilməsidir".

Sammit çərçivəsində "Peşələrin gələcəyi bizdən nə tələb edir?" adlı panel müzakirəsi keçirilib.

Dünya Bankının Ankaradakı nümayəndəliyinin aparıcı iqtisadçısı Rene Leon Solano panel müzakirəsində "Yeni nəsil peşələrin xəritəsi" mövzusunda çıxışı zamanı qeyd edib ki, təhsil ocaqlarının təkminləşdirilməsi, rəqəmsal bacarıqların fundemental bacarıqlar sırasına daxil edilməsi, həyat boyu öyrənilməli bacarıqlar barədə davamlı təlimlər, bir işdən başqa işə keçə bilmək üçün elastik bacarıqların inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir.

Türkiyə İş Qurumunun (İŞKUR) baş direktor müavini İbrahim Oğuzhan Yıldırım isə "Gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi" mövzusundakı çıxışında gələcəkdə peşələrin yox, bacarıqların ön plana çıxacağını vurğulayıb.

Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.

Qeyd edək ki, sammit daha əvvəl 30 oktyabrda Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında baş tutmuşdu.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti