Bakı. Trend:
Yeni peşələrin yaranması qlobal prosesdir və bu rəqabətdə texnoloji yenilikləri dəyişə, onlardan istifadə edə bilən cəmiyyətlər qalib gələcək.
Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu sammit çərçivəsindəki müzakirələr Azərbaycan cəmiyyətinin gələcəyin peşələrini aydın dərk etməsinə şərait yaradacaq:
"Gələcəkdə indi müşahidə etdiyimiz rəqabətdə yeni iqtisadi güc mərkəzlərinin yaranmasına şahid olacağıq və Azərbaycan cəmiyyəti də bu dəyişikliklərə hazır olmalıdır. Peşələr cəmiyyətin, dəyişikliklərin, inkişafın indikatorudur. Müasir dövrün aparıcı meyli yeni texnologiyaların əmələ gəlməsidir. Baş verən texnoloji dəyişiklik mahiyyətcə əməyi dəyişir. Əməyin dəyişməsi isə cəmiyyətin dəyişməsinə, cəmiyyətin bunlardan faydalanma şansının dəyişməsinə səbəb olur. Yeni peşələrlə bağlı ciddi çağırışlar var. Müasir dövrün ən mühüm çağırışlarından biri texnologiyalardan istifadə və peşələrin əmək bazarına uyğunlaşdırılmasıdır. Məşğulluğun və sosial rifahın təmini də əsas çağırışlardandır. Bu prosesdə ən mühümü təhsildir. Gənclərin bu peşələrə yiyələnib, gələcəkdə mühüm yer tuta bilməsidir".
