Bakı. Trend:
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Maneələri aşanlar” adlı inklüziv konsert keçirilib.
Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyinin və “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.
Proqram çərçivəsində qonaqlar sağlamlıq imkanları məhdud insanların əl işlərinin təqdim olunduğu xüsusi sərgi ilə tanış olublar.
Daha sonra tamaşaçılara xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hazırlanmış konsert proqramı təqdim edilib.
Səhnədə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Çinarə İsmiyeva və görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova birgə duetlə çıxış ediblər.
Proqramda, həmçinin muğam ifaçısı, autizmli vokalist Ramiz Ağayevin təqdimatında “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Dirijor Nəsibə Cəfərovanın rəhbərliyi ilə inklüziv heyətdə “Cəngi” xalq çalğı alətləri orkestrinin və “Səma” rəqs ansamblının ifasında kompozisiyalar təqdim olunub.
Gecənin kulminasiya anı şairə Nigar Həsənzadənin poetik kompozisiyası olub. Əsər autizmli pianoçu Ayxan Quluzadənin müşayiəti ilə təqdim edilib və jest dilinə tərcümə ilə müşayiət olunub.
Qeyd edək ki, tədbir çərçivəsində modelyer Ayten Osmanovanın sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi hazırladığı “Özəl şəxslər” adlı kolleksiya da nümayiş olunub. Kəlağayı motivləri əsasında hazırlanan bu unikal kolleksiya səhnədə sağlamlıq imkanları məhdud 18 iştirakçı tərəfindən nümayiş etdirilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək uşaqların təqdimatından aldıqları təəssüratı bölüşüb. O, bildirib ki, bu gün onlar səhhətindəki məhdudiyyətlərə baxmayaraq, çox yüksək səviyyə göstərdilər. Bu isə həm onların istedadının, həm də onlara göstərilən qayğının bariz nümunəsidir.
Deputat xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan müəllim və mütəxəssislərə, eləcə də bu prosesdə fəal iştirak edən, gəncləri ətrafında birləşdirən şəxslərə təşəkkürünü bildirib. Qeyd edib ki, tədbirin “Maneələri aşanlar” adı dərin rəmzi məna daşıyır, çünki bugünkü çıxışlar sevgi, diqqət və dəstəyin istənilən çətinliyi aşa bildiyini canlı şəkildə nümayiş etdirdi.
Tədbir Azərbaycanın ilk inklüziv himnlərindən biri olan “Özəl şəxslər” kompozisiyasının ifası ilə başa çatıb. Əsəri inklüziv uşaq xoru təqdim edib.
Qeyd edək ki, konsertin əsas məqsədi mədəniyyətin birləşdirici gücü vasitəsilə fərqli xüsusiyyət və imkanlara malik insanların cəmiyyətin tamhüquqlu üzvü olduğunu nümayiş etdirmək, stereotiplərin qırılmasına və inklüziv mədəniyyətin dəyərlərinin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.
