...

Bakıda "Lenovo Day" İT forumu keçirilib

Cəmiyyət Materials 5 Dekabr 2025 10:16 (UTC +04:00)
Bakıda "Lenovo Day" İT forumu keçirilib

Bakı. Trend:

"Marriott Absheron Baku" hotelində süni intellektin (Sİ) praktik tətbiqinə, İT sahəsi üzrə əsas trendlərə və korporativ məlumat infrastrukturunun modernləşdirilməsinə həsr olunmuş "Lenovo Day" İT forumu keçirilib. Tədbir əsas sənaye sahələrinin İT direktorlarını və biznes liderlərini bir araya gətirdi.

"Lenovo" şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə baş meneceri Alnur Yermaqambetov tədbirin açılışını elan edərək "Lenovo" ekosisteminin inkişafında Azərbaycanın və regionun strateji rolunu vurğuladı və şirkətin maliyyə nəticələri haqqında məlumat təqdim etdi. Öz çıxışında o, ötən əməliyyat rübü üzrə "Lenovo"nun ümumi gəlirinin tarixi maksimuma – 20.5 milyard ABŞ dolları məbləğinə çatdığını qeyd etdi. Bununla belə, süni intellektlə əlaqəli biznesdən əldə edilən gəlirin payı şirkətin hesabat rübündəki ümumi gəlirinin 30 %-ni təşkil etdi.

Azərbaycanda "Lenovo Global Technology" şirkətinin rəhbəri Rasim Bəxşi şirkətin 2025-ci il üzrə fəaliyyətinin yekunlarını vurdu. Spikerin sözlərinə görə, şirkət regionda distribütor və tərəfdaşların sayını artıraraq yerli mövcudluğunu fəal şəkildə inkişaf etdirməyə davam edir və bütün məhsul portfeli üzrə xidmət göstərən dörd səlahiyyətli xidmət mərkəzinə sahibdir.

Plenar iclas EMEA regionunda "Lenovo Infrastructure Solutions Group" (ISG) məlumat saxlama sistemlərinin satışı üzrə direktoru Marko Pozzoni və EMEA regionunda "Lenovo ISG"nin innovativ həlləri üzrə direktoru Noam Rosenin təqdimatları ilə davam etdi. Marko Pozzoni öz çıxışında Sİ, yüksəksəmərəli verilənlər bazası, ehtiyat kopiyalama və arxivləşdirmə məqsədləri üçün optimallaşdırılmış "Lenovo"nun yenilənmiş "ThinkSystem" və "ThinkAgile" məlumat saxlama portfelini təqdim etdi. Noam Rosenin çıxışı, ənənəvi data mərkəzlərinin insanların və rəqəmsal işçilərin birgə işlədiyi platformalara – "Sİ fabriklərinə" çevrilməsinə həsr olunmuşdu. Spikerin sözlərinə görə, yaxın on – on beş il ərzində əksər data mərkəzlərində Sİ infrastrukturu yerləşdiriləcək, ağıllı agentlər isə rəqəmsal işçi qüvvəsinin bir hissəsinə çevriləcəklər.

Forumun xüsusi qonaqları qismində "Lenovo" tərəfdaşlarının spikerləri çıxış etdilər. "Veeam Software" şirkətinin Global Alliances direktoru Co Horn, "Veeam" və "Lenovo" şirkətlərinin məlumatların korporativ dayanıqlılığının təmin edilməsi və "ransomware" hücumlarından sonra bərpası üçün nəzərdə tutulan birgə həlləri haqqında danışdı. "Nutanix" şirkətinin Ukrayna və MDB regionunda müştərilərlə iş üzrə meneceri Denis Lapaç öz təqdimatında şirkətin virtuallaşdırma idarəetməsini asanlaşdıran və yeni xidmətlərin bazara çıxarılma vaxtını sürətləndirən hiperkonvergent infrastrukturun qurulması üçün həllər portfelindən söz açdı.

İşgüzar proqramın ikinci yarısı real sektorda "Lenovo" həllərinin praktik istifadəsi üzrə tematik sessiyalara həsr olunmuşdu. "Lenovo" tərəfdaşları və müştəriləri arasından dəvət olunmuş spikerlər müxtəlif sahələr üzrə praktik nümunələr təqdim etdilər. Forum sual-cavab sessiyası və iştirakçıların qeyri-rəsmi ünsiyyəti ilə başa çatdı. "Lenovo Day Baku 2025" forumu Sİ-nin praktik tətbiqi, Sİ fabriklərinin inkişafı və regionun korporativ məlumat infrastrukturunun dayanıqlığının gücləndirilməsi məsələlərini müzakirə etmək üçün əsas platforma statusunu təsdiqlədi.

Xəbər lenti

Xəbər lenti