Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7441 cinayət faktı aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında bildirilir.
Vurğulanır ki, onlardan 2403-ü narkotik vasitələrin qanunsuz satışı, 4850-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 037kq 413,78 qramını marixuana, 745 kq 500,982 qramını heroin, 144 kq 728,924 qramını tiryək, 75 kq 384,242 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digər narkotik vasitələr və 149 kq 660,186 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 15516 ədəd metadon, 18938 ədəd çətənə bitkisi, eləcə də1 kq 111,692 qram,108 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5117 nəfər cəlb edilmiş, onlardan 4961 kişi, 156 qadın olub.