Bakı. Trend:
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlamaq və satmaqda təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Əvvəllər məlumat verildiyi kimi, ali məktəblərə
qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan
qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan
Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar
əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam
etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan
Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun
abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış
imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək
məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan
texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov
Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8
nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki
vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı
şübhələr müəyyən edilib.
Bundan başqa Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.
Toplanmış sübutlara əsasən Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilmiş, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edək ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
