Bakı. Trend:
Rəqəmsal mühitdə uşaqlar üçün böyük imkanlar olsa da, eyni zamanda ciddi çətinliklər də mövcuddur. Mən qəti şəkildə inanıram ki, dövlətlər rəqəmsal mühitdə uşaqların hüquqlarını təşviq etmək və qorumaq sahəsində liderlik etməlidirlər. Dövlətin fəal liderliyi olmadan, uşaqlar üçün dayanıqlı nəticələr əldə etmək mümkün deyil.
Trend xəbər verir ki, bunu BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Sofiya Kiladze bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, səmərəli irəliləyiş üçün bütün aidiyyəti tərəfdaşlarla – beynəlxalq təşkilatlarla, özəl sektor, biznes, vətəndaş cəmiyyəti, akademik qurumlar və uşaqların özləri ilə güclü əməkdaşlıq vacibdir:
"Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi BMT sistemində uşaq hüquqları üzrə əsas beynəlxalq nəzarət mexanizmi rolunu oynayır. Bu Komitə Uşaq Hüquqları Konvensiyasının və onun əlavə protokollarının icrasına nəzarət edir. Bu sənədlər artıq 196 dövlət tərəfindən ratifikasiya olunub. Komitə uşaqların bütün hüquqlarının – həm onlayn, həm də oflayn – necə qorunduğunu araşdırır, o cümlədən bu hüquqların rəqəmsal mühitdə necə təmin olunduğunu qiymətləndirir", - o əlavə edib.
