...

Heç olmasa 2026-cı ildə Bakı şəhərinin bələdiyyə xəritələri təqdim olunsun – Hümbət Hüseynov

Cəmiyyət Materials 16 Yanvar 2026 15:23 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində bələdiyyələrin xəritələri verilmədiyinə görə özəlləşdirilən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri bütövlükdə dövlət torpağı kimi qeydə alınır.

Trend xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

Sədr xatırladıb ki, özəlləşdirmə prosesi bir neçə mərhələdən ibarətdir və son mərhələlərdən biri də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi ilə bağlı müqavilənin bağlanmasıdır:

“Lakin bu prosesdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə, demək olar ki, rast gəlinmir. Halbuki bələdiyyələr yarandığı gündən Rəsulzadə bələdiyyəsinə ümumilikdə 571,6 hektar torpaq sahəsi ayrılıb. Bu gün isə biz həmin torpaq sahələrinin harada yerləşdiyini faktiki olaraq müəyyən edə bilmirik. Yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektlərinin altındakı torpaqlar dövlət torpağı kimi qeydiyyata alınır”.

H.Hüseynov vurğulayıb ki, bələdiyyə xəritələrinin verilməməsinin əsas səbəblərindən biri də məhz bu boşluqdan istifadə olunmasıdır:

“Çünki xəritələr təqdim olunsa, həmin torpaq sahələrinin heç olmasa müəyyən bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu üzə çıxar. Axı bütün torpaqların dövlət mülkiyyətində olması mümkün deyil. Əgər bu xəritələr bələdiyyələrə təqdim edilsə idi, bələdiyyələr müəyyən maliyyə imkanları da əldə edə bilərdilər.

Qarşıdan “Şəhərsalma və Memarlıq İli” gəlir və mən təklif edirəm ki, heç olmasa 2026-cı ildə Bakı şəhərinin bələdiyyə xəritələri təqdim olunsun. Bu məsələ dəfələrlə qaldırılıb, dəfələrlə çıxışlarda səsləndirilib, lakin bu günədək öz həllini tapmayıb. Buna baxmayaraq, ümid edirəm ki, Şəhərsalma və Arxitektura İli çərçivəsində Bakı şəhərində yerləşən bələdiyyələr bu xəritələri əldə edə biləcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti