...

Bakıda Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 27 Yanvar 2026 09:33 (UTC +04:00)
Bakıda Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti keçirilib (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA), “Ookla”, “Azerbaijan Hotel Association” və “Azerbaijan Tourism Board”un birgə əməkdaşlığı ilə Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti keçirilib.

Trend xəbər verir ki, sammitdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, “Ookla”nın prezidenti və Baş İcraçı Direktoru (CEO) Stiven Bay və bir sıra rəsmi şəxslər çıxış ediblər.

Tədbir Bakıda İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA), Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyası (AHA) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə turizm, telekommunikasiya və infrastruktur sahələrindən 100-dən artıq məsul şəxs iştirak etmiş və qapalı məkanlarda internet bağlantı təcrübəsindən gözləntiləri müzakirə olunub.

Ookla-nın prezidenti və baş icraçı direktoru Stiven Bay bildirib ki , yüksək keyfiyyətli, etibarlı və davamlı bağlantı artıq lüks deyil - bu, hər bir qonağın gözləntisinə çevrilib və rəqabətədavamlı, yüksək səviyyəli qonaq təcrübəsinin əsas elementidir:

“Bu pilot proqramın yaradılması ilə biz Azərbaycana qonaqpərvərlik sektorunda internet bağlantısının keyfiyyətinin müəyyənləşdirilməsi, yoxlanılması və təqdim olunması sahəsində yeni qlobal meyar formalaşdırmağa kömək edirik. Qonaqpərvərlik sektoruna dünya səviyyəli rəqəmsal təcrübə təqdim etmək üçün İKTA, ATB və AHA ilə tərəfdaşlıqdan qürur duyuruq”.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Səməddin Əsədov bildirib ki, bugünkü sammit kimi platformalar təkcə məlumat və analitik baxışların paylaşılması üçün deyil, həm də Azərbaycanın rəqəmsal gələcəyi üzrə ümumi baxışın formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır.

ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, müasir dövrdə rəqəmsal əlaqəlilik turizmdə rəqabətqabiliyyətlilik və dayanıqlı inkişafı təmin edən strateji amillərdən biri kimi çıxış edərək bu sahədə dövlət-özəl tərəfdaşlığının möhkəmlənməsini təşviq edir. Azərbaycanda rəqəmsal infrastruktur üzrə son illərdə əldə edilən nailiyyətlər il boyu turizmin inkişafını dəstəkləmək və ölkəni irimiqyaslı beynəlxalq tədbirlər üçün etibarlı ev sahibi kimi mövqeləndirmək baxımından möhkəm zəmin yaradır.

Tədbir çərçivəsində sertifikatlaşdırma prosesinin canlı nümayişi də keçirilib. Bu proses yerində radio tezliyin (RF – Radio Frequency) keyfiyyətinin qiymətləndirilməsini, real performans testlərini və infrastrukturun dayanıqlığını əhatə edir. Tədbirdə təqdim olunan "MEO Arena və The Social Hub Rome" kimi nümunəvi təcrübələr göstərib ki, üçüncü tərəfin təsdiqlədiyi qiymətləndirmə aparıcı məkanlara sponsorları cəlb etməyə və qonaqların etimadını gücləndirməyə kömək edir.

Bildirilib ki, "Speedtest"in qlobal səviyyədə etibar edilən test metodologiyasından və güclü brend tanınmasından istifadə edən "Speedtest Certified" proqramı qonaqpərvərlik ekosisteminin bütün iştirakçıları üçün aydın üstünlüklər yaradır. Bu təşəbbüs Azərbaycanın "Speedtest Global Index"-də mövqeyini daha da möhkəmləndirir və ölkənin rəqəmsal baxımdan inkişaf etmiş turizm məkanı kimi nüfuzunu gücləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti