Xankəndi. Trend:
Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak ediblər.
Forum “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin rolu” mövzusunda keçirilən panel sessiya ilə işinə başlayıb.
Panel çərçivəsində çıxış edən rəsmi şəxslər şəhərlərin inkişafında gənclərin fəal iştirakının vacibliyini vurğulayıblar.
Ardınca “Şəhərlər imkanlar platforması kimi: gənclər üçün təhsil, bacarıqların inkişafı və məşğulluq” mövzusunda növbəti panel sessiya baş tutub.
Sessiya zamanı Gənclər Məsləhət Şurasının nümayəndəsi Zeina Elzain onlayn formatda çıxış edərək gənclər tərəfindən formalaşdırılan təşəbbüslərdən və bu təşəbbüslərin təhsil və məşğulluq sahələrinə təsirindən bəhs edib.
Memarlar İttifaqının katibi Şeyda Novruzzadə isə gənclərin memarlıq və incəsənətə artan marağını qeyd edərək, bu istiqamətdə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün bir sıra təkliflər səsləndirib.
