Bakı.Trend:
65 ildən çox müddətdə istismar olunan Yuxarı Şirvan kanalından ildə təxminən 350 milyon m³ su itkisi baş verir. Nəticədə su təminatının ödənilməsində müəyyən çətinliklərin yaranması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyəti pisləşir.
Trend xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Şirvan suvarma kanalının yenidən qurulması üzrə “İşçi qrupu”nun iclasında məlumat verilib.
Bildirilib ki, ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan artıq əkin sahəsini suvarma suyu və məntəqələri məişət suyu ilə təmin edir. Həmçinin az sulu illərdə Türyançay Sağ və Sol sahil magistral kanallarının, eləcə də Göyçay çayından qidalanan bir sıra kanalların xidməti ərazilərində yerləşən əkin sahələrinin su təminatına da dəstək göstərir.
İclasda vurğulanıb ki, Şirvan suvarma kanalının başlanğıc sərfinin saniyədə 180 kubmetrə, ümumi uzunluğunu isə 204 km-ə qədər artırmaqla, onun müasir tələblərə uyğun şəkildə yenidən qurulması nəticəsində, Şirvan zonasına daxil olan Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarma suyu ilə, qeyd olunan ərazilərdəki yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək. Bununla yanaşı, kanalın sonunda Hacıqabul gölünə suyun çatdırılması ilə onun ekoloji vəziyyətinin yaxşılaşması da təmin ediləcəkdir.
