Bakı. Trend:
2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb, amma buna baxmayaraq, hakimlərimizin peşəkarlığı, yüksək məsuliyyət hissi və çevikliyi sayəsində işlərə vaxtında baxılması təmin edilib. Bu baxımdan hakimlərimizin ədalət mühakiməsinin həyata keçirilməsindəki fəaliyyəti kifayət qədər effektiv olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
O bildirib ki, hakimlərin sayının artması proqnozlaşdırılır:
"Bununla yanaşı, məhkəmələrin yüksək ixtisaslı kadrlarla təmin olunması istiqamətində işlər davam etdirilib. Şəffaf seçim mexanizmi əsasında 83 yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib. Bu il isə hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcəkdir".
