...

Azərbaycan musiqiçiləri beynəlxalq musiqi festivalında iştirak ediblər

Cəmiyyət Materials 27 Mart 2006 14:54 (UTC +04:00)

Sietldə (ABŞ) Qafqaz regionu ölkələrinin müasir musiqisinə həsr olunmuş Icebreaker III: The Caucasus beynəlxalq festival və simpozium keçirilib. Trend bildirir ki, adı "Buzları sındıraraq" kimi tərcümə olunan festivalın əsas məqsədi okeanın o tayındakı dinləyicilərin kifayət qədər tanış olmadığı musiqinin ifası edilməsi olub.

İlk Icebreaker (2002-ci il) Rusiya musiqisinə, ikinci (2004-cü il) Baltik ölkələrinin, hazırda isə Qafqaz ölkələrinin musiqisinə həsr olunub.

Festivalın proqramına müasir müəlliflərin əsərləri ilə yanaşı İran və Türkiyə ənənəvi musiqisindən ibarət konsertlər daxil edilib, festivalın keçirildiyi Benaro Holl foyesində isə gürcü rəssamı Vano Musxelinin işləri sərgilənib.

Azərbaycan festival təşkilatçılarının dəvətilə bəstəkar, Azərbaycanın xalq artisti, Bakı musiqi Akademiyasının professoru Firəngiz Əlizadə və tanınmış musiqişünas, Bakı musiqi Akademiyasının professoru Aida Hüseynova ilə təmsil olunub. Məhz F.Əlizadənin "Segah" və "Çahargah" muğamları əsasında təqdim olunmuş "Atəş" əsərinin premyerası festivalın əsas parlaq hadisəsi olub.

Festivalda həmçinin Azərbaycanın digər bəstəkarlarının - Fərəc Qarayevin, Cavanşir Quliyevin, Cəlal Abbasovun, Elmira Mirzəyevanın və Zaur Fərhadovun əsərləri ifa olunub.

Qeyd edək ki, festivalın İrana aid bölməsində Bakı musiqi Akademiyasının yetirməsi Məhəmməd Ənsarinin əsəri ifa olunub.

Festival çərçivəsində Aida Hüseynovanın audio və video materiallardan istifadə etməklə "Azərbaycanın müasir musiqisi" mövzusunda mühazirəsi dinlənilib. Firəngiz Əlizadə də mühazirə ilə çıxış edib və iştirakçıları yeni əsərlər və bu yaxınlarda çıxmış disklərlə tanış edib. O, çıxışı zamanı həm də fortepiano ustalığını nümayiş etdirib və "Fortepiano üçün musiqi" əsərini ifa edib.

Xəbər lenti

Xəbər lenti