...

Macarıstanın KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 5 Aprel 2006 16:33 (UTC +04:00)

Aprelin 4-də Macarıstanın kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, bu səfərin əsas məqsədi Azərbaycanla tanışlıqdır.

Səfərin təşkilatçıları Dövlət Komitəsi və Azərbaycanın Macarıstandakı səfirliyidir. Səfərin ilk günü qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra onlar Heydər Əliyev Fondunda olublar. Daha sonra Müdafiə Nazirliyində macarıstanlı jurnalistlərlə görüş keçirilib. Görüşdə qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, müvafiq materiallar təqdim olunub.

Aprelin 5-də qonaqlar Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş insanların həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə Sabirabad və İmişli rayonunda məcbur köçkünlərin müvəqqəti məskunlaşdığı qaçqın düşərgələrinə yola düşüblər. Macarıstanlı jurnalistlər burada məcburi köçkünlərlə görüşərək, onların yaşadığı çadır şəhərciklərinin ümumi vəziyyəti ilə tanış olub, yeni salınmış qəsəbələrə baş çəkiblər. Səfər çərçivəsində macarıstanlı KİV rəhbərləri Azərbaycanın regionlarında həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının nəticələri ilə bağlı ətraflı məlumat toplamaq məqsədilə rayonlarda gedən abadlıq və quruculuq işləri, yeni açılmış müəssisələrlə tanış olacaqlar. Jurnalistlər rayon rəhbərliyinin nümayəndələri ilə də görüşəcəklər.

Aprelin 6-da macarıstanlı qonaqların Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşü keçiriləcək. Bundan başqa, Xarici İşlər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində və Dövlət Neft Şirkətində də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın qədim mədəniyyət abidələri və səfalı güşələri ilə tanışlıq da səfər proqramına daxildir.

Xəbər lenti

Xəbər lenti