...

Apellyasiya Məhkəməsində AXCP-nin MSK-dan şikayətinə baxılıb

Cəmiyyət Materials 15 Sentyabr 2006 18:34 (UTC +04:00)

Sentyabrın 15-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası keçirilib. Bu barədə Trend ə AXCP-ni məhkəmədə təmsil edən hüquqşünas Tofiq Quliyev məlumat verib.

Qeyd edək ki, AXCP bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini boykot edib. Lakin MSK-nın rəsmi məlumatlarında 23 nəfər AXCP üzvünün seçkidə iştirak etdiyi göstərilib. Bununla bağlı AXCP MSK-ya müraciət etməklə bərabər məhkəməyə də şikayət verib.

Hakim Qəzənfər Kərimovun sədrliyi ilə iclasda AXCP-ni vəkil Tofiq Quliyev, MSK-nı komissiya üzvü Ramiz İbrahimov təmsil edib. Məhkəmə iclasında Tofiq Quliyev AXCP üzvü kimi 23 nəfər namizədin seçkidə iştirak etməsi barədə MSK-nın rəsmi məlumatının həqiqətə uyğun olmadığını deyib. MSK üzvü isə qeyd edib ki, həqiqətən də 23 nəfərdən 19-u dairə seçki komissiyalarına partiya mənsubiyyətini təsdiqləyən sənəd təqdim etməyiblər. Qalan 4 nəfər isə partiya vəsiqəsini təqdim edib. AXCP-nin vəkili Tofiq Quliyev bildirib ki, 4 nəfərin göstərdiyi vəsiqə 1998-ci ildə AXCP-nin "klassiklər" qanadı tərəfindən həmin şəxslərə verilib. Yəni, həmin şəxslərin üzvlük vəsqəsinin müddəti tamam olub, həm də onların AXCP-yə aidiyyatı yoxdur.

Hakim Q.Kərimov MSK nümayəndəsinə AXCP üzvü olduğunu iddia edən namizədlərin vəsiqələrini, partiya üzvü olmasına dair rəsmi, möhürlü sənədləri məhkəməyə təqdim etməsini tapşırıb. MSK nümayəndəsi müvafiq sənədləri məhkəməyə təqdim etdikdən sonra hakim şikayətlə bağlı qətnamə çıxaracaq.


Xəbər lenti

Xəbər lenti