...

Hacı Məmmədovun məhkəməsində zərərçəkənlər dindirilib

Cəmiyyət Materials 27 Oktyabr 2006 16:34 (UTC +04:00)

Oktyabrın 27-də Hacı Məmmədovun məhkəməsində zərərçəkənlər dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Əvvəlcə iclasda Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş Novruz İsmayılovun həyat yoldaşı Mərziyə Cahangirova ifadə verərək bildirib ki, əri 28 fevral 2000-ci il tarixdə evdən çıxıb və bir daha geri qayıtmayıb. Bir neçə gündən sonra onun meyiti gözətçi kimi çalışdığı Saray kənd qəbiristanlığının yaxınlığından tapılıb. Abşeron rayon məhkəmə tibb ekspertiza şöbəsi N.İsmayılovun ürək çatışmazlığından ölməsi barədə rəy versə də, ailə üzvləri onun qətlə yetirildiyini iddia ediblər və bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayətlər yazıblar. "Ancaq şikayətimizə baxan olmadı".

Sonra Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş Mehman Səmədovun anası Sevil Səmədova zərərçəkən qismində dindirilib. O, məhkəmənin nəzərinə çatdırıb ki, oğlundan əvvəl qardaşı Rasim qətlə yetirilib. Lakin Abşeron rayon məhkəmə tibb ekspertiza şöbəsi Rasimin ürək çatışmazlığından ölməsi barədə saxta rəy verib.

"Biz Rasimin əslində qətlə yetirildiyi barədə Abşeron rayon prokurorluğuna və digər müvafiq qurumlara şikayət etsək də, şikayətlərimizə baxan olmadı. İndi Hacı Məmmədovla eyni müttəhimlər kürsüsündə əyləşmiş Fərhad Məmmədbəyov da qardaşımın yas məclisinə gəlmişdi. Həmin gün o, oğlum Mehmanı özü ilə apardı. Sabahı gün məktub aldıq ki, Mehman Rusiyaya işləməyə gedib. Biz Mehmanın Fərhad Məmmədbəyov tərəfindən öldürülməsindən şübhələnmişdik. Ancaq şübhələrimiz barədə hüquq mühafizə orqanlarına məlumat versək də araşdıran olmadı".

Məhkəmə iclası oktyabrın 30-da zərərçəkənlərin dindirilməsi ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti