...

"Gündəlik Azərbaycan" qəzetinin baş redaktorunun apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 18 May 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı iyunun 6-na təyin olunub. Bu barədə qərar cümə günü Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun sədrliyi ilə Fətullayevin iştirakıyla barəsindəki hökmdən verdiyi apellyasiya şikayəti üzrə hazırlıq iclasında qəbul olunub.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Aprelin 6-da isə Yasamal Rayon Məhkəməsi Çaladzenin xocalıların şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurulması ilə bağlı mülki iddiası üzrə Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Sonuncu dəfə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə 2 il 6 ay müddətinə azdlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti