...

Komissiya sədri: "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün xüsusi formalar müəyyənləşdiriləcək"

Cəmiyyət Materials 13 İyun 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün xüsusi formalar müəyyənləşdiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, Komissiya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydalarını hazırlayacaq. Komissiya rəhbərinin sözlərinə görə, "Dövlər qulluğu haqqında" qanuna əlavələr qüvvəyə minəndən sonra bu istiqamətdə iş başlayıb. Qaydalar hazırlanandan sonra aidiyyatı instansiyaya təqdim olunacaq.

Xəlilovun sözlərinə görə, qiymətləndirmənin məqsədi dövlət qulluqçularını cəzalandırmaq yox, onların vəzifədə yüksəlişinə nail olmaq, dövlət qulluqçusunun fəaliyyətində çatışmazlıqları müəyyən etmək və aradan qaldırmaqdır. Qiymətləndirmənin nəticələri əsasında dövlət qulluqçuları üçün treninqlərin keçirilməsi nəzərdə tutulub.

Komissiya sədri qeyd edib ki, qiymətləndirmə tam tətbiq olunandan sonra attestasiyaya ehtiyac qalmayacaq.

"Dövlət qulluğu haqqında" qanuna edilən əlavələrə görə, inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndiriləcək. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələbləri necə yerinə yetirməsini və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti "əla", "yaxşı", "kafi" və "qeyri-kafi" qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti