...

Milli Məclisin deputatı Nizami Cəfərov:-"Yeni kinofilmləri dövlət təbliğ etməlidir"

Cəmiyyət Materials 4 İyul 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /müx.TrendLife Günel Əhmədova/Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Azərbaycan xalqının faciələrini əks etdirən əsərlərin, filmlərin lentə alınmaması məsələsinə münasibət bildirərkən qeyd etdi ki, yaradıcı təşkilatları, müəssisələri sərbəst buraxanda dünya səviyyəsinə çıxarılacaq filmlər yaranmır. N.Cəfərovun qənaətincə, bu halda dövlətin sifarişi olmalıdır.

"Bu məqsədlə mövzu müəyyənləşdirilməli, müsabiqələr keçirilməli, yaxşı ssenari seçilməlidir. Eyni zamanda beynəlxalq şirkətlərlə müqavilələr imzalanmalıdır ki, onlar gələcəkdə bu filmlərin kənara çıxması üçün nüfuzlarından istifadə etsinlər. Təbii ki, bu da kifayət qədər maliyyə vəsaiti tələb edir. Dövlət bu məsələdə aparıcı mövqe tutmalıdır ki, siyasətini həyata keçirə bilsin".

N.Cəfərovun sözlərinə görə, bu filmlərin Azərbaycandan kənarda nümayiş etdirilməsi problemin digər tərəfidir: "Bu yöndə əlimizdən nə gəlirsə, etməyə çalışırıq. Lakin bu, çox zaman fərdi iş səviyyəsində olur". N.Cəfərov xatırlatdı ki, Heydər Əliyev Fondu tərəfindən Qarabağ problemini, Xocalı faciəsini əks etdirən sənədli filmlər hazırlanaraq nümayiş etdirilib."Bütün bunlara baxmayaraq, elə bədii və sənədli filmlər çəkilməlidir ki, onları dünyaya çıxarmaq mümkün olsun. Həmin filmlər dünya ictimaiyyətinə təsir etsin. Məsələn, bu yaxınlarda ardıcıl olaraq bir neçə dəfə nümayiş olunan bu səpkili müxtəlif erməni filmləri dünyada maraq doğurub, bizim isə qanımızı qaraldıb. Fikrimcə, filmdə tarixi faktlarla yanaşı, emosional məqamların da yer alması vacibdir. Digər tərəfdən, bu işləri təbliğ edəndə diplomatiya nümayiş etdirmək vacibdir. Ən uğurlu vasitələri, üsulları seçməli və dünyanın hər bir ölkəsində bu məsələdə maraqlı insanlara müraciət etməliyik", - deyə millət vəkili bildirdi. O, hesab edir ki, bu problemlər yaradıcı təşkilatlarımızda, onların mətbu orqanarında geniş müzakirə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti