Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Avstriyanın "Rid" klubu bu gün Bakıya gəlir. Saat 17.00-da avstriyalılar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olacaq. "Rid" sabah T.Bəhrəmov adına Respublika stadionunda UEFA Kubokunun ilkin təsnifat mərhələsində "Neftçi"yə qarşı oyun keçirəcək.
Bu gün saat 20.00-da avstriyalılar respublikanın əsas idman arenasında məşq keçirəcək. Bununla da "Rid" qarşılaşmaya hazırlıqlarını tamamlayacaq. Bu cütlükdə qonaqlar favoritlər sayılırlar. Avstriyada keçirilən ilk oyunda "Rid" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib . Ona görə də cavab qarşılaşmasında Helmut Kraftın yetirmələrinə hətta minimal hesablı məğlubiyyət də sərf edəcək.
Bakıya yola düşməzdən öncə "Rid" Avstriya çempionatının dördüncü turunda "Austriya" ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.