...

"Müxalifət" qəzetinin həbsdə olan əməkdaşlarının apellyasiya şikayətinə yenidən baxılacaq

Cəmiyyət Materials 9 Avqust 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ "Müxalifət" qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşının apellyasiya şikayətinə yenidən baxılacaq. Bakı Apellyasiya Məhkəməsindən cümə axşamı Trend ə bildirilib ki, bu işə baxan hakim tərkibi dəyişdiyindən şikayətə yeni tərkibdə baxılacaq. Avqustun 13-də hakim Mirpaşa Hüseynovun sədrliyi, hakimlər Rəsul Səfərov və Hüseyn Talıbovun iştiraki ilə apellyasiya şikayəti üzrə proses başlayacaq. Əvvəlki tərkibdə olan Ramella Allahverdiyeva Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə hakim təyin olunub.

Baş redaktor Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə barəsində Yasamal Rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə əvvəlki tərkibdə baxılmış və qərarın elan olunması üçün məhkəmə tərkibi müşavirəyə getmişdi.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.

Jurnalistlər hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti