Azərbaycan, Bakı, 24 may /Trend/
Yuriy Fomenko daha bir il "Kəpəz" futbol klubunun uğurları üçün mübarizə aparacaq. Artıq ukraynalı futbolçu ilə müqavilə imzalanıb. Bu barədə Trend-ə klubun mətbuat xidmətindən məlumat verilib.
Dünən Bakıda sponsorlarla görüşən klubun prezidenti Elmir Əliyev bu gün klubdaxili iclas keçirib. Toplantıda gələcək planlar müzakirə edilib. İclasda vurğulanıb ki, növbəti mövsümdə daha iddialı bir komanda formalaşdırmaq nəzərdə tutulur. Komandanın əsas sütununu təşkil edən futbolçularla müqavilələrin yeniləcəyi, gənc futbolçularla yanaşı həm yerli, həm də təcrübəli legioner oyunçuların dəvət olunacağı xüsusi qeyd edilib.
Yığıncaqda o da vurğulanıb ki, yaxın vaxtlarda "Kəpəz"in təlim məşq toplantılarının keçiriləcəyi məkan və komanda ilə yolları ayrılacaq futbolçular barədə qərar qəbul olunacaq.
Komanda iyun ayının 15-20-də bir araya gələcək.