...

Azərbaycanın futbol çempionatında legioner limitinə yenidən baxılacaq

İdman Materials 25 Dekabr 2012 16:42 (UTC +04:00)
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib.
Azərbaycanın futbol çempionatında legioner limitinə yenidən baxılacaq

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Simurq"un prezidenti Anar Bəkirov, "İnter" PİK-in prezidenti Georgi Nikolov, "Qarabağ" klubunun direktoru Emrah Çelikel, "Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Xəzər Lənkəran" FK-nın vitse-prezidenti Tuyqun Nadirov, AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, "Turan"ın vitse-prezidenti Namiq Məstanov, "Bakı" FK-nın icraçı direktoru Yaşar Seyidov, "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və "Kəpəz" PFK-nın vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər.

Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil.

Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı məsələlərin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib.

Müzakirə olunan digər məsələ Azərbaycan Premyer Liqasının keçirilmə sistemi olub və əksər klublar hazırkı "6-lıq" sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın. Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın. Klub nümayəndələri görüşün təşkili ilə bağlı AFFA və PFL rəhbərliyinə minnətdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti