Azərbaycan, Bakı, 21 may /Trend/
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirilib.
Bu barədə çərşənbə axşamı Trend-ə Milli Paralimpiya Komitəsindən daxil olan məlumatda deyilir. Festival çərçivəsində dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş mob keçirilmişdir.
Festival Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin himni ilə başlanmışdır. Sonra tamaşaçılara paralimpiya hərəkatından bəhs edən video nümayiş olunmuşdur. Davam olaraq Azərbaycan ,Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail,Belarus və Qazaxıstandan olan 26 idmançı rəqqaslar öz rəngarəng nömrələri ilə dəniz kənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş etmişlər. Festivalda gənc müğənnilər idmançılara dəstək olaraq öz musiqi nömrələri ilə çıxış etmişlər.
Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya Oyunlarına daxil edilməsi məqsədilə iştirakçılar adından Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfindən imzalanmış və Beynəlxalq Paralimpiya Komitəsinə ünvanlanmış müraciət oxunmuşdur. Dünya Paralimpiya idmanında öz dəstixətti olan ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu,dördqat Avropa çempionu, Şöhrət ordenli, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatının laureatı cənab İlham Zəkiyev çıxış edərək festival iştirakçılarına dəstək olduğunu bildirdi.
Festivalın sonunda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov festival iştirakçılarına Milli Paralimpiya Komitəsinin xüsusi diplomlarını təqdim etdi.
Festival konsert proqramı ilə davam etmişdir.