...

Azərbaycanda üzgüçülük üzrə açıq çempionat keçirilir

İdman Materials 18 Fevral 2014 13:36 (UTC +04:00)
Azərbaycanda üzgüçülük üzrə açıq respublika çempionatı başlayıb. Çempionatda 12 komandanın tərkibində 70 nəfər iştirak edir.
Azərbaycanda üzgüçülük üzrə açıq çempionat keçirilir

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E Mehdiyev/

Azərbaycanda üzgüçülük üzrə açıq respublika çempionatı başlayıb. Çempionatda 12 komandanın tərkibində 70 nəfər iştirak edir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.

Üç gün davam edəcək yarışlarda 17-si kişilərdə, 13-ü qadınlarda olmaqla 30 medal dəsti uğrunda mübarizə aparılır. Çempionat Hövsan Olimpiya İdman Kompleksində keçirilir.

Bənənyarlının sözlərinə görə, son illər Azərbaycanda su idmanı növlərinin inkişafı sahəsində böyük işlər görülüb və bu məsələdə ölkə rəhbərliyinin və Gənclər və İdman Nazirliyinin daimi dəstəyi sayəsində ölkənin bütün regionlarında infrastrukturun yaradılması böyük rol oynayır.

İdmançıların hazırlanması ilə yanaşı məşqçi və hakimlərin yaradılması çərçivəsində də böyük işlər görülür. Habelə Azərbaycandan olan hakimlərin beynəlxalq sertifikatlar alınması üzrə də işlər aparılır.

Ötən il, eləcə də 2014-cü il ərzində idmançıların hazırlanması çərçivəsində azərbaycanlı üzgüçülər müxtəlif beynəlxalq yarışlarda iştirak ediblər. Azərbaycanda yarışların keçirilməsinə də böyük diqqət verilir. Bənənyarlı bildirib ki, buna misal kimi ötən ilin mayında Mingəçevirdə keçirilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş su polosu üzrə "Prezident Kuboku" beynəlxalq turnirini göstərmək olar.

Azərbaycanın üzgüçülük üzrə yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, ötən il ərzində ölkə yığmasının idmançıları müxtəlif beynəlxalq yarışlarda iştirak ediblər. Həmin yarışlarda qazanılmış medallarla yanaşı, yığma üzvlərinin nəticələrinin turnirdən turnirə yaxşılaşması mühüm göstəricidir.

Danimarkada keçirilən Avropa çempionatı çərçivəsində azərbaycanlı üzgüçü Boris Kirilov ölkənin yeni rekordunu müəyyən edib.

Sloveniyadakı yarışlarda yığmamızın üzvü Zaur Arkaniya bir qızıl və bir gümüş medal qazanıb.

Uşaq idmanı sahəsində də ciddi inkişaf gedir. Kiçik yaş qruplarından olan azərbaycanlı idmançılar Mersindəki (Türkiyə) yarışlarda 13 qızıl medal qazanıblar. Yeni Su idmanı növləri Sarayının istifadəyə verilməsi ilə azərbaycanlı idmançıların hazırlanması üçün yeni perspektivlər açılır.

Əbdürrəhmanovun sözlərinə görə, yaxın vaxtlarda azərbaycanlı idmançılar Belarusda, Yunanıstanda, Türkiyədə, Almaniyada (Avropa çempionatında), Niderlandda (yuniorlar arasında Avropa çempionatında), Belçikada, Dubayda keçiriləcək bir neçə beynəlxalq yarışda iştirak edəcəklər. Bu ili üçün əsas vəzifə 2014-cü ilin avqustunda Nankində (Çin) keçiriləcək Gənclərin İkinci Olimpiya oyunlarında iştirak üçün lisenziya əldə etməkdir. Bu ilin dekabrında Dohada (Qətər) qısa məsafədə üzgüçülük üzrə dünya çempionatı keçiriləcək.

O bildirib ki, azərbaycanlı idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakı həmçinin 2015-ci ildə Bakıda I Avropa Oyunları kimi mühüm idman hadisələrindən biri ərəfəsində onların təcrübəsinin artması və nəticələrinin yaxşılaşması məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti