...

Azərbaycan avarçəkmə növləri üzrə ilk olimpiya medalını qazandı

İdman Materials 20 Avqust 2014 12:23 (UTC +04:00)
Bu gün Azərbaycan idmanında tarixi hadisə baş verib. Ölkəmiz ilk dəfə avarçəkmə növləri üzrə olimpiya medalı əldə edib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu uğura Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənimiz Boris Yotov imza atıb.
Azərbaycan avarçəkmə növləri üzrə ilk olimpiya medalını qazandı

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Bu gün Azərbaycan idmanında tarixi hadisə baş verib. Ölkəmiz ilk dəfə avarçəkmə növləri üzrə olimpiya medalı əldə edib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu uğura Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənimiz Boris Yotov imza atıb.

18 yaşlı avarçəkən 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq, gümüş medal qazanıb. Yotov olimpiya çempionluğuna da yaxın olub. Məsafənin yarısını o, hamıdan öndə keçib. Lakin finişə doğru liderliyini əldən verən avarçəkənimiz yekunda almaniyalı 2 qat dünya çempionu Tim Ole Naskeni özündən 0,6 saniyə irəli buraxıb. Bürünc medala isə 3 dəqiqə 22,21 saniyə nəticə ilə kanadalı Dan de Qrut layiq görülüb. Böyük britaniyalı Kris Louri (3:23.89) 4-cü, polşalı Matyuş Svitek (3:28.31) 5-ci, kubalı Orlando Sotolonqo (3:32.14) 6-cı olub.

Əvvəllər ölkəmiz olimpiadalarda avarçəkmə növləri üzrə 2 dəfə təmsil olunub. 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoeçimiz Radoslav Kutsev 5-ci yerlə kifayətlənib. 2012-ci il London Yay Olimpiya Oyunlarında Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 4-cü, akademik avarçəkənimiz Aleksandr Aleksandrov 5-ci yeri tutub. Onların hamısı medala çox yaxın olmalarına baxmayaraq, fəxri kürsüyə qalxa bilməyiblər. Amma Yotov bunu bacarıb.

Qeyd edək ki, Boris Yotov cəmi 18 yaşının olmasına baxmayaraq, böyüklər arasında da nüfuzlu yarışlara qatılır. O, hətta 2 ay öncə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə Yotov Çindən birbaşa Hollandiyanın paytaxtı Amsterdama yollanacaq. Təmsilçimiz avqustun 24-də start götürəcək dünya çempionatına qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti