...

V Beynəlxalq Etnosport Forumunun iştirakçıları birgə bəyanat qəbul ediblər (FOTO)

İdman Materials 5 Mart 2022 17:18 (UTC +04:00)
V Beynəlxalq Etnosport Forumunun iştirakçıları birgə bəyanat qəbul ediblər (FOTO)

Bakı. Trend:

Martın 5-də Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Beynəlxalq Etnoidman Forumunun iştirakçıları birgə bəyanat qəbul ediblər.

Trend xəbər verir ki, bəyanatı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Nigerin gənclər və idman naziri Sekou Doro Adamou, Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının (CONADE) baş direktoru Ana Qabriela Guevara Espinoza, Qambiyanın gənclər və idman naziri Bakari Badjie və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev imzalayıblar.

Bəyanatda ənənəvi idman növlərinin milli və beynəlxalq səviyyədə inkişafı, dəstəklənməsi və kütləviliyinin artırılması məsələləri əksini tapıb.

Qeyd edək ki, V Dünya Etnoidman Forumunda etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunacaq. Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq.

V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır.

Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı qazanırlar.

Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Bu festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti