...

Son 20 gündə 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik dövriyyədən çıxarılıb (FOTO/VİDEO)

İdman Materials 29 Mart 2023 12:00 (UTC +04:00)

Bakı. Trend:

Son 20 gündə 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Novruz bayramı günlərində Lənkəran şəhər sakini Vüsal Tahirov İranda yaşayan narkotacir tanışının qaçaqmalçılıq yolu ilə göndərdiyi külli miqdarda narkotiki əldə etmək istəyərkən saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkar edilir.

Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Sonuncu silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti