Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının XXVII turuna yekun vurulub.
Trend xəbər verir ki, turun son günündə iki maraqlı qarşılaşma baş tutub. İlk oyunda "Səbail" öz meydanında "Neftçi"ni qəbul edib. Qonaqlar bu matçda 2:1 hesabı ilə qalib gəliblər.
Turun sonuncu qarşılaşmasında isə "Turan Tovuz" ev sahibliyi etdiyi "Sumqayıt"la qarşılaşıb. Bu oyunda da qonaqlar üstün olub və "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.
XXX
18:56
Misli Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Səbail"i" 2:1 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, "ASCO Arena"da baş tutan matçda Samir Abasovun rəhbərlik etdiyi komanda qalib gəlib.
"Neftçi"nin heyətində Filip Ozobiç (17-ci dəqiqə) və Elvin Camalov (29-cu dəqiqə) fərqlənib. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə vurub.
Bu nəticədən sonra "Neftçi" xallarını 31-ə yüksəldərək turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Səbail" isə 18 xalla sonuncu - onuncu pillədə qalıb.
Turun son oyunu bu gün Tovuz şəhər stadionunda "Turan Tovuz"la "Sumqayıt" arasında keçiriləcək. Matç saat 18:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında aşağıdakı nəticələr
qeydə alınıb:
"Araz-Naxçıvan" - "Şamaxı" (1:1)
"Kəpəz" - "Qarabağ" (0:0)
"Sabah" - "Zirə" (1:1)
XXX
09:15
Bu gün Misli Premyer Liqasının XXVII turu iki qarşılaşma ilə başa çatacaq.
Trend-in məlumatına görə, günün ilk oyunu “Səbail” və “Neftçi” komandaları arasında keçiriləcək.
“ASCO Arena”da baş tutacaq matç saat 16:00-da start götürəcək. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, 18 xala malik “Səbail” isə sonuncu – 10-cu yerdədir.
Tura yekun vuran görüş isə Tovuz şəhər stadionunda “Turan Tovuz” və “Sumqayıt” arasında baş tutacaq. Qarşılaşma saat 18:30-da start götürəcək. Turnir cədvəlində 43 xalla 4-cü pillədə qərarlaşan “Turan Tovuz” komandası, 25 xala sahib “Sumqayıt” klubunu (8-ci yer) qəbul edəcək.