Bakı. Trend:
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın böyük sərmayələri ilə həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz Ulu Öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür”.
İlham Əliyev deyib ki, Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir: “Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilibdir. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir”.
Prezident bildirib ki, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib: “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaqdır.
Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.