...

“Azərkosmos” ASC “Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələrini elan edib

İqtisadiyyat Materials 18 İyul 2018 20:12 (UTC +04:00)
“Azərkosmos” ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.
“Azərkosmos” ASC “Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələrini elan edib

Bakı. Trend:

“Azərkosmos” ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.

ASC-dən Trend-ə verilən məlumata görə, artıq üçüncü dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötən ilki müsabiqələrdə olduğu kimi Azersky peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumiilikdə 23 təklif təqdim edilib.

Müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, Azersky peykindən alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları 18 iyul 2018-ci ildə “Azərkosmos” ASC-də keçirilən müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb.

Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən səkkiz təklif qalib seçilib. İştirakçıların sorğusuna əsasən Azersky peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub.

Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək. Qalib layihələrin hesabat sənədlərində əsasən, Azərbaycanın dağlıq ərazilərində torpaq, kənd təsərrüfatı və meşə resurslarının dinamikasının qiymətləndirilməsi, çay daşqınlarının və onların fəsadlarının proqnozlaşdırılması, göllərin ekologiyası və dəyişmə dinamikası, sahil xəttində neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin spektral xarakteristikaları, qar-su ehtiyatının proqnozlaşdırılması və bu kimi digər məsələlərin Azersky – Yer səthinin məsafədən müşahidəsi peykindən əldə edilən peyk təsvirləri vasitəsilə öyrənilməsi öz əksini tapacaq və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti