...

Sumqayıtda ÜDM istehsalı 35 faiz artıb, 7 min yeni iş yeri yaradılıb

İqtisadiyyat Materials 6 Fevral 2019 19:07 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Sumqayıtda ümumi daxili məhsul (ÜDM) istehsalı 35 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılıb, muzdla işləyən işçilərin orta aylıq əməkhaqqı 500 manat həddini ötüb.

Ötən ilin iyul ayında dövlət başçısı ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polimer" MMC-nin Polipropilen istehsalı zavodunun açılışında iştirak edib. Kanada və Avstriya texnologiyası əsasında ildə 180,0 min ton məhsul istehsalı edəcək zavodda 500 nəfər işlə təmin edilib.

Prezident İlham Əliyevin Sumqayıta noyabrda növbəti səfəri zamanı Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faizli xarici investisiya hesabına inşa edilmiş ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək İnşaat kimyəviləri zavodunun, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək, investisiya dəyəri 51 milyon dollar olan Əlvan metallar və ferroərintilər zavodunun və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabrikinin açılışlarında iştirak edib. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılıb.

Həmçinin qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olub. Zavodda 500 nəfər daimi işlə təmin ediləcək. Bu, müstəqillik tarixində Sumqayıtda ən böyük layihədir.

Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezidenti üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb. Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatıb. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ÜDM istehsalı 2,6, sənaye məhsulu istehsalı 2,9, investisiya qoyuluşu 3,5 dəfə artıb, 32 819 yeni iş yeri yaradılıb. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 456 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 2,5 dəfə və ya 276 milyon manat artım deməkdir.

Ötən dövr ərzində ticarət dövriyyəsi 912 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.

İqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirlərinin proqnozu 112,3 faiz, xərc isə 100 faiz icra olub.

Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalıb, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 2520 nəfər işlə təmin olunub. Mövsümi işlərə 1590 nəfər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti