...

Yaponiya biznes dairələri Azərbaycanda fəaliyyətini genişləndirir (FOTO)

İqtisadiyyat Materials 14 Mart 2019 11:19 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Kano 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, ölkəmizdə səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib.

Görüşdə ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyi vurğulanıb.

Səfər çərçivəsində vergilər naziri M.Cabbarov Yaponiya Baş nazirinin xüsusi müşaviri Tamohiko Taniquçi, xarici işlər nazirinin müavini Toşiko Abe, habelə Yaponiya maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb.

Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarətin həcminin artırılması istiqamətində perspektivlər barədə müzakirələr aparılıb. Görüşlər zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkəmizdə qeyri-neft sahəsində əməkdaşlıq və müştərək müəssisələrin təşkili üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-Yaponiya iqtisadi komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə komitə üzvləri ilə Yaponiya biznes dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının artırılması imkanları, ölkəmizin sənaye, kənd təsərrüfatı, səhiyyə sahələrinə yeni texnologiyaların idxalı, sərmayə qoyuluşu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da iştirak edib.

Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən nümayəndə heyəti Sülh Memorial Muzeyi və Sülh parkı ilə tanış olub, II Dünya müharibəsi qurbanlarının xatirəsini yad edərək dərin ehtiramlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti