Bakı. Trend:
Yanvar ayının ilk günlərindən başlayaraq Ucar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindın Trend-ə verilən məlumata görə, Ucar rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Qeyd olunan tədbirlər Ucar Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 29 kəndində saxlanılan 59 111 baş iribuynuzlu, 55 362 baş xırdabuynuzlu, 400 baş təkdırnaqlı heyvana, 4000 baş itə, 1712 arı ailəsinə və 517 min baş quşa baytarlıq xidməti göstərirlər.
Hazırda rayonun Təzə Şilyan kəndində yerləşən Məzahir Məmmədova məxsus təsərrüfatda “Aqrolizinq” yolu ilə alınmış 125 baş damazlıq macar cinsli camışlarda və 88 baş onlardan alınan balalarda qarayara və dabaq xəstəliyinə qarşı profilaktiki peyvəndləmə aparılıb.
Həmçinin cari ilin müvafiq dövrü ərzində Ucar rayonunda 59 085 baş iribuynuzlu, 73 323 baş xırdabuynuzlu, 1297 baş təkdırnaqlı heyvanda və 120 baş donuzda qarayara, 434 baş sahibli itdə quduzluq, 120 baş donuzda taun, 25 mindən yuxarı xırdabuynuzlu heyvanlarda çiçək xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 317 524 baş (“H” ştammı ilə) quş və 441 024 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Fevral ayından Ucar rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 59 077 baş iribuynuzlu və 55 584 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Ucar Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 53 000 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 47 705 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb.
Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Qeyd edək ki, rayonda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Ucar rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda çiçək, bruselyoz (Rev-1 vaksini ilə), leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.
Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.