Bakı. Trend:
İyunun 21-də Dənizkənarı Milli Parkda keçiriləcək “Organic Food Festival 2019”da mikro və kiçik sahibkarlar öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin dəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını - bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s. məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim edəcəklər.
Məlumat üçün qeyd edək ki, KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.
“Organic Food Festival 2019” Azərbaycanda ilk dəfə olaraq keçirilir. KOBİA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti və “Proaktiv” PR Agentliyinin təşkilatçılığı ilə keçiriləcək festival iyunun 23-dək davam edəcəkdir. Tədbirdə 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunacaqdır.