Bakı. Ceyhun Ələkbərov - Trend:
Əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən islahatlara xidmət etməlidir.
Trend-in məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminarda bildirib.
O qeyd edib ki, seminarda dövlət başçımızın qarşıya qoyduğu vahid məhkəmə təcrübəsinin yaradılması yolları, məhkəmələrin hüquq normalarının eyni cür tətbiqinin təmin edilməsi nümunələri, hakimlərin ixtisaslaşması və xüsusi biliklərinin artırılması misalları və məhkəmə ekspertizasının aparılmasının maraqlı yenilikləri müzakirə olunacaq. Bunlarla yanaşı, əqli mülkiyyət üzrə məhkəmələrin dünya praktikasından, Azərbaycandakı məhkəmə təcrübəsindən, Əqli Mülkiyyət Agentliyinin Kvaziməhkəmə - Apellyasiya Şurasının qərarlarından nümunəvi misallar gətiriləcək:
"Agentlik nümayəndələri 2018-ci ilin sentyabrından 2019-cu ilin dekabrın 1-dək ümumilikdə 35 iş üzrə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 120-dən çox məhkəmə iclaslarında iştirak edib. Struktur islahatları çərçivəsində Agentlikdə kvazi məhkəmə - Apelyasiya Şurası yaradılıb və fəaliyyət göstərir. Şuraya sənaye mülkiyyətinə aid 185 müraciət daxil olub, onlardan 164 işə münasibətdə artıq qərar qəbul olunub”.