...

Vergi güzəştləri biznesin inkişafında əhəmiyyətli rol oynayacaq - Şərh

İqtisadiyyat Materials 11 Noyabr 2021 09:54 (UTC +04:00)
Vergi güzəştləri biznesin inkişafında əhəmiyyətli rol oynayacaq - Şərh

Bakı. Elçin Mehdiyev – Trend:

Ölkəmizdə aparılan müasir islahatlar kursuna əsasən, biznesə daha əlverişli şəraitin yaradılması, sahibkarlığın vergi yükünün aşağı salınması və vergi inzibatçılığının təkmilləşdirilməsi, müasir innovativ texnologiyaların tətbiq olunması, şəffaflığın təmin edilməsi məqəsdilə davamlı olaraq vergi qanunvericiliyinə dəyişikliklər edilir. Hazırda yeni iqtisadi inkişaf tələbləri, post-müharibə dövrünün iqtisadi reallıqları və müasir çağırışların tələbindən irəli gələn bir sıra məsələlərin həlli məqsədilə Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu dəyişikliklər biznesin inkişafında əhəmiyyətli rol oynayacaq.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişiklikləri şərh edərkən deyib.

A.Hüseynov bildirib ki, Vergi qanunvericiliyinə edilən dəyişikliklərin mahiyyəti sahibkarlığın dəstəklənməsini stimullaşdırmaqla yanaşı, vergidən yayınmanın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi və həmçinin, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsini özündə əks etdirir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan hökumətinin apardığı məqsədyönlü siyasət və biznes islahatları iqtisadi dayanıqlılılığı və artımı sürətləndirir və büdcədə fiskal yığımların artımını təmin edir. Biznesin əsas sütunu olan sahibkarlığın vergi güzəştləri ilə əhatə olunması ölkə iqtisadiyyatının dayanıqlı inkişafını qoruyub saxlamaq və postpandemiya dövrümdə yeni iqtisadi imkanları səfərbər etmək məqsədi daşıyır.

Millət vəkili qeyd edib ki, dəyişikliklər bir neçə istiqaməti əhatə edir. Onların sırasında sosial əhəmiyyətli vergi güzəştlərini xüsusilə qeyd etmək lazımdır. Belə ki, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara verilən 10 min manatadək maddi yardımın, eyni zamanda, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın və 10 min manatadək birdəfəlik müavinətin gəlir vergisindən azad olunması nəzərdə tutulub. Bu da dövlətin birbaşa Vətən müharibəsində Qələbəni təmin edən insanların ailələrinə ən yüksək qayğı hesab edilə bilər.

Vergi qanunvericiliyində nəzərdə tutulan digər dəyişikliklərin sahibkarlıq fəaliyyətinin təşviq olunması, dövlətin fiskal imkanlarının artmasına yönəldiyini deyən A.Hüseynovun fikrincə, ən mühüm məqamlardan biri kənd təsərrüfatının və sənayenin inkişafı məqsədilə əlavə vergi güzəştlərindən ibarətdir.

“Burada həm kənd mülkiyyətçiləri, həm də sənaye zoanalrında fəaliyyət göstərən biznes qurumları 5-10 il vergi güzəştləri ilə əhatə olunacaqlar. Bundan başqa, kitabların idxalı və satışı ƏDV-dən azad olunacaq. Bunun nəticəsində kitab və bu tipli məhsulların qiymətlərində enmə gözlənilə bilər. Əsas dəyişikliklərdən biri də hibrid avtomobil vasitələrinin həm idxalı, həm satışının 3 il müddətinə vergidən azad edilməsidir. Sosial dəstək layihələrinin davamı kimi bir sıra sahibkarlıq subyektləri tərəfindən fondlara yardımlar həyata keçirilir. “YAŞAT”, Qarabağ Dirçəliş Fondu və digər fondlara edilən yardımlar üçün də sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur” - deyə Aydın hüseynov əlavə edib.

Bəzi sahələrdə vergi dərəclərinin artırılmasını şərh edən millət vəkili vurğulayıb ki, artımlar əsas etibarilə aksizlərlə bağlıdır. bunun da səbəbi həmin sahədə vergi intizamını təmin etməkdir. Belə ki, zərərli məhsullar üzrə istehlakın azaldılması üçün nəzərdə tutulan bu addımlardan biri kimi həmin malların aksiz dərəcələri artırılır. Vergi Məcəllədə dəyişikliklərə əsasən, alkoqollu içkilər üzrə və tütün məhsullarında artım nəzərdə tutulur. Digər tərəfdən, ölkənin ekoloji mühitinin qorunmasında mühərrikinin həcmi 3000 kub/sm-dən yuxarı olan avtomobillərin də aksiz dərəcələrində artım təklif olunur. Eyni zamanda istismar müddəti uzun olan avtomobillərin də aksiz dərəcələrinə yüksəldici əmsalların tətbiqi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti