...

Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri

İqtisadiyyat Materials 29 Noyabr 2021 09:39 (UTC +04:00)
Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri

Bakı. Trend:

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.

Zirvə Görüşünün yekun Aşqabad Bəyannaməsi qəbul olunub. Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilib. Görüşdə həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.

Görüşdə vacib məqamlardan biri də İƏT-ə üzv dövlətlərin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirləridir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir.

İranlı ekspert Murtaza Behruzifər Trend-ə açıqlamasında bildirib ki, enerji sektorunda Azərbaycanın İran iqtisadiyyatına kömək edə biləcək infrastrukturları var. Belə ki, İran Avropanın qaz təminatında iştirak etmək üçün Azərbaycanın infrastrukturlarından istifadə edə bilər:

"İki ölkə arasında münasibətlər daha da yaxınlaşarsa, İran Azərbaycandan və Türkiyədən keçən Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın qaz bazarına daxil ola bilər. İranla Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi ilə iqtisadiyyatı daha da şaxələndirmək olar", - M.Behruzifər qeyd edib.

Ekspert deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əsas enerji idxalçısı Türkiyədir: "Doğrudur, Pakistan və Əfqanıstan kimi ölkələr də enerji idxalçılarıdır, lakin o qədər də böyük payları yoxdur", - deyə o əlavə edib.

İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin Trend-ə açıqlamasında bildirib ki, bir sıra sahələrdə ortaq bağlara malik İran və Azərbaycan İƏT daxilində daha möhkəm tərəfdaşa çevrilə bilər: "Bu kontekstdə ticarət, enerji, kənd təsərrüfatı, turizm, tranzit kimi iqtisadi sahələrlə yanaşı siyasi-humanitar, o cümlədən terrorçuluq, insan alveri və narkotiklə mübarizə sahələrində əməkdaşlıq edə bilərlər", - o vurğulayıb.

M.Pakayinin sözlərinə görə, Şimal-Cənub Dəhlizinin aktivləşdirilməsi, bu dəhliz çərçivəsində Rəşt-Astara dəmiryolunun inşa olunması İranı Azərbaycan dəmiryolu vasitəsi ilə Rusiya, Gürcüstan, Qara dənizə, digər tərəfdən Gürcüstan, Rusiya və Azərbaycanı İran vasitəsi ilə Oman Körfəzi və Fars körfəzinə birləşdirir:

"Bu dəhliz regional dəhlizlər arasında önəmli dəhlizlərdən biridir. Çünki İƏT-ə üzv digər dövlətlər də bu dəmiryolu xəttindən istifadə edə bilərlər. Ona görə bu dəmiryolu xəttini region üçün əlaqələndirici xətt adlandırmaq olar. Bu aspektdən İƏT-ə üzv digər dövlətlər həm Azərbaycan, həm də İranı Şimal-Cənub Dəhlizi ilə əlaqədar təşviq edə, həm də mümkün olduğu halda, lazımi dəstək verə bilərlər, - deyə keçmiş səfir əlavə edib.

M.Pakayin deyib ki, digər tərəfdən İƏT-ə üzv Xəzəryanı 4 dövlət dəniz tranzitini artırmaqla digər üzv dövlətlərə müxtəlif sahələrdə imkanlar yarada bilərlər.

İranın OPEK-dəki sabiq nümayəndəsi Məhəmməd Əli Xətibi də Trend-ə açıqlamasında bildirib ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri aktivləşdirilərsə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mənafeləri daha yaxşı təmin edilə bilər.

"İƏT böyük əhəmiyyət kəsb edən regional təşkilatdır. Hazırda dünyada heç bir ölkə təkbaşına böyük addımlar ata bilməz. Buna görə də məhz regional və beynəlxalq təşkilatlara üzvlük nəticəsində ölkələr kollektiv mənafe əldə edirlər. Bu nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi məqsədilə də ölkələr arasında əməkdaşlıq güclənməli, bu cür layihələrə birgə investisiyalar yatırılmalıdır.

İƏT regional təşkilat olaraq region ölkələrini birləşdirə, onların iqtisadi münasibətləri qarşısında duran maneələri aradan qaldıra və üzvlər arasında iqtisadi əməkdaşlıqları asanlaşdıra bilər”, - deyə o bildirib.

Bundan başqa ekspert qeyd edib ki, İƏT üzvləri arasında enerji sahəsində də əməkdaşlıqlar inkişaf edə bilər. Belə ki, bu təşkilata üzv ölkələrin bir neçəsi neft idxalçısı, bir neçəsi neft ixracatçısıdır. Bu ehtiyaclar təşkilat daxilində təmin oluna bilər. Bu təşkilat daxilində əməkdaşlıqlar həm neft, həm də qaz sahəsində enerji mübadiləsini asanlaşdıra bilər.

İranlı ekspert deyib ki, İƏT kimi təşkilatlar ölkələr arasında münasibətlərin qorunmasına kömək edir, eyni zamanda bu münasibətlərin korlanmasının qarşısını alır:

“Anlaşılmazlıqlar aradan qalxdığında iqtisadi, enerji və ticarət münasibətlərinin inkişaf etdirilməsinə imkanlar yaranır. İran və Azərbaycan iki qonşu ölkə olaraq yaxşı münasibətləri qoruya bilərlər”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti