...

Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb

İqtisadiyyat 23 Yanvar 2022 17:29 (UTC +04:00)
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb

Bakı. Trend:

Türkiyənin hərbi-sənaye kompleksi 2021-ci ildə rekord həddə çatıb, növbəti beş il ərzində ölkə bu sahədə ilk on qlobal ixracatçıdan biri olmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu "Anadolu" agentliyinə SAHA İstanbul Müdafiə, Aviasiya və Kosmik Şirkətlər Birliyinin İdarə Heyətinin sədri və Baykar şirkətinin baş direktoru Haluk Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə və aerokosmik sənaye ixracatı keçən il rekord vuraraq ilk dəfə 3 milyard dollar həddini keçib və 3,22 milyard dollarlıq məhsul satılıb.

"Son 15 ildə sektorun məhsullarının ixracında artım tempi sürətlənib. 2006-cı ildən 2021-ci ilə qədər müdafiə və aerokosmik sektorda Türkiyənin ixracatı dollar ifadəsində təxminən 7 dəfə artıb. Bu, həqiqətən də böyük uğurdur. Türkiyənin qlobal müdafiə ixracında payı təxminən 1 faizdir. Hazırda bu sahədə qlobal payın 75 faizi ABŞ, Rusiya, Fransa, Almaniya və Çindədir", - deyə H.Bayraktar bildirib.

Onun sözlərinə görə, sektorun əsas məqsədi qlobal miqyasda bazar payını artırmaq və ilk 10 ixracatçı ölkə sırasına daxil olmaqdır.

Eyni zamanda SAHA İstanbul İdarə Heyətinin sədri Bayraktar TB2 PUA-larına artan tələbata diqqət çəkib.

H.Bayraktar qeyd edib ki, Bayraktar TB2 PUA-ları 420 min saat uğurlu uçuş edib, PUA-ların satışı üzrə 16 ölkə ilə müqavilə imzalanıb.

"Bundan əlavə, Bayraktar Akıncı hücum PUA-sı üzrə ilk ixrac müqaviləsi imzalanıb. Müqavilə üzrə tədarüklər 2023-cü ilə planlaşdırılır", - deyə H.Bayraktar əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti